ELM VƏ TƏHSİL
“AZƏRBAYCANDA ELMİN, TƏHSİLİN İNKİŞAFINDA DİASPORUN ROLU” MÖVZUSUNDA “DƏYİRMİ MASA”
Bakı, 3 mart (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Azərbaycanda elmin, təhsilin inkişafında diasporun rolu” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbiri Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAMT) “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”ya uyğun olaraq təşkil etmişdir.
“Dəyirmi masa”da AKTAMT-ın Təhsil Nazirliyi, AMEA, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Texniki Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Turizm İnstitutu ilə birgə reallaşdırdığı “Azərbaycanın elmi diasporu” layihəsi çərçivəsində fəaliyyətə başlayan internet portalın www.elmidiaspora.internet.az təqdimatı olmuşdur.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Azərbaycan elminin, təhsilinin inkişafında elmi diaspor amilinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş və bu baxımdan layihənin mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
AKTAMT-ın sədri, layihənin əlaqələndiricisi Natiq Əhmədov çıxış edərək bildirmişdir ki, məqsəd xaricdə yaşayan həmvətənlərimizin - alimlərin, tədqiqatçıların, müasir texnika və texnologiya sahəsində qabaqcıl mütəxəssislərin informasiya-analitik məlumat bankının yaradılması (onlar haqqında ümumi məlumatlar, əlaqə ünvanları, elektron poçt ünvanları, nəşr olunmuş elmi əsərlərinin siyahısı və s.), Azərbaycanın elmi diasporu haqqında internet portalının hazırlanmasıdır.
Diqqətə çatdırılmışdır ki, layihə həm də xaricdə yaşayan, elmi-tədqiqat, innovasiya fəaliyyəti ilə məşğul olan alim həmvətənlərimizlə respublikamızda fəaliyyət göstərən alimlərin internet şəbəkəsində daimi dialoqunun yaradılmasına kömək edəcəkdir.
Layihə respublikamızla yanaşı, dünyanın 56 ölkəsində, o cümlədən Azərbaycanın diaspor təşkilatlarının fəaliyyət göstərdiyi 40 dövlətdə, həmçinin hələlik diasporumuzun formalaşmadığı, lakin səfirliklərimiz olan 16 ölkədə həyata keçiriləcəkdir.
“Dəyirmi masa”da akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Rasim Əliquliyev, professorlar Şahlar Əsgərov, Ramiz Hümbətov, Təhsil Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri Qulu Novruzov, Gəncə Təhsil-Məlumat Mərkəzinin direktoru Həsən Hüseynli çıxış edərək layihənin Azərbaycanın virtual elm-təhsil məkanının yaradılması ilə yanaşı, bir sıra vacib məsələlərin həllində də mühüm rol oynayacağını qeyd etmişlər.