REGİONLAR
Azərbaycanda ən böyük narın çəkisi 1,4 kiloqram olmuşdur
Göyçay, 4 noyabr (AZƏRTAC.) Göyçay rayonunda keçirilən VII Nar bayramı çərçivəsində təşkil edilən müxtəlif sort nar və ondan hazırlanan məhsulların sərgisi, eləcə də bu meyvə ilə bağlı keçirilən müsabiqələr, oyunlar yerli və xarici qonaqların marağına səbəb olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə kəndli fermerlər tərəfindən yetişdirilən cırtdan nar ağacı, tumsuz nar, qeyri-adi görünüşə malik olan hind narı da nümayiş etdirilmişdir. Həmçinin, nar festivalı zamanı qısa vaxt ərzində ən çox nar şirəsi hazırlayan və dənələrini yerə salmadan ən tez nar yeyən şəxsin hər birinə 100 manat, ən böyük nar yetişdirən bağbana isə 150 manat pul mükafatı verilmişdir.
Rayonun İnçə kəndində yetişdirilən və mükafata layiq görülən ən böyük narın çəkisi isə 1 kiloqram 400 qram olmuşdur. Bu nar Azərbaycanda ilin ən böyük narı hesab edilir. Ötən il bu festivalda sahibinə mükafat qazandıran narın çəkisi 1 kiloqram 250 qram olmuşdu.