CƏMİYYƏT
Azərbaycanda ilk internet tibb televiziyası fəaliyyətə başlamışdır
Bakı, 10 dekabr (AZƏRTAC). Azərbaycanın ilk və yeganə tibb və sağlamlıq kanalı olan “www.tvtibb.az” internet televiziyası fəaliyyətə başlamışdır. Dekabrın 10-dan etibarən bu kanala internet vasitəsilə, eyni zamanda 20 min tamaşaçı baxa biləcəkdir.
Ölkənin tibb və sağlamlıq sektorunda baş verən yeniliklər, aparılan araşdırmalar, elmi tədqiqatlar “tvtibb”in verilişlərinin əsas mövzusu olacaqdır. Tibbə və sağlamlığa həsr olunmuş 24 saatlıq teleyayımla bərabər, “tvtibb.az” internet portalında təbabətə və sağlamlığın qorunmasına aid hər bir sahə əksini tapacaqdır. Burada onlayn-məsləhət bölməsi, xəbərlər səhifəsi, tibbin bütün istiqamətlərinə aid yeniliklər və s. yerləşdiriləcəkdir.
“Tvtibb” HD formatında işləyən müasir çəkiliş, montaj və yayım texnologiyasına malikdir. Şirkətin yayım platforması və serverləri Azərbaycanda yerləşir və “Tvtibb” mütəxəssisləri tərəfindən hazırlanmışdır. Kanalda səhiyyənin müxtəlif problemlərinə və tibbi mövzuların müzakirəsinə həsr olunmuş tok-şouların hazırlanması və canlı yayımı da nəzərdə tutulur. Televiziya efirinin 80 faizə qədəri kanalın öz istehsalı olan proqramlardan ibarətdir.