İQTİSADİYYAT
Azərbaycanda keçirilən Polşa–Azərbaycan elmi-praktiki simpoziumun əhəmiyyəti böyükdür
Bakı, 27 yanvar (AZƏRTAC). Azərbaycanda keçirilən Polşa-Azərbaycan elmi-praktiki simpoziumun əhəmiyyəti böyükdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 27-də jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Novruzov demişdir.
Vahid Novruzov bildirmişdir ki, bu gün Azərbaycan Respublikasının Auditorlar Palatası, İqtisadçılar İttifaqı, Polşa Milli Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Müasir şəraitdə auditin aktual problemləri” mövzusunda Polşa-Azərbaycan elmi-praktik simpoziumu öz işinə başlayır.
İki gün davam edəcək tədbirin əsas məqsədi bütövlükdə iqtisadiyyatın daha səmərəli yolla inkişafını təmin etmək üçün müəssisələrdə auditin rolunu bir daha yeni şəraitə uyğun konseptual baxımdan müzakirə edib, müvafiq sənədlərin qəbulu üçün fikirlər formalaşdırmaqdır. Simpoziumda yeni iqtisadi-maliyyə mühitində auditin rolu və əhəmiyyəti, auditin müasir problemləri və onların həlli yolları müzakirə ediləcək, müxtəlif mövzularda məruzələr dinləniləcəkdir.
V.Novruzov bildirmişdir ki, Auditorlar Palatası artıq 20 ölkənin müvafiq qurumları ilə əməkdaşlıq sazişi imzalamışdır və beynəlxalq əlaqələrini bundan sonra da genişləndirəcəkdir.