Üzeyir Hacıbəyli adına konsert salonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xırdalan Şəhər Onbirillik Musiqi Məktəbinin şagirdləri iştirak ediblər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə bəstəkar və musiqişünasların uşaqların bədii zövqünün formalaşmasındakı xidmətlərindən danışıb. Onun sözlərinə görə, uşaqlar üçün yazılan əsərlər daim diqqətdə saxlanılır, onların tədbirlərdə iştirakına xüsusi diqqət yetirilir.
Sonra digər musiqişünas alimlər, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimləri, professor Zemfira Qafarova “Uşaqların təlim-tərbiyəsində musiqinin rolu”, sənətşünaslıq üzrə elmləri doktoru, professor İmruz Əfəndiyeva “Müasir zamanda uşaq musiqisinin problemləri” mövzularında fikirlərini bölüşüblər.
Tədbirin musiqi bölməsində Sevinc İbrahimovanın rəhbərliyi ilə Xırdalan Onbirillik Musiqi Məktəbinin şagirdləri “Uşaqların sevinci” adlı musiqili-tamaşa təqdim ediblər.