Nataliya Şarovskaya: Aktyor üçün yubiley onun imkanlarının növbəti nümayişi deməkdir
Bakı, 31 may, Tatyana İvanayeva, AZƏRTAC
Məşhurlardan biri deyib ki, doğum günü əslində, təkamül deməkdir. Aktyor hər dəfə səhnəyə çıxdıqca daha da püxtələşir, addımbaaddım kəşf edir və ən müxtəlif səviyyələrdə özünü sınayır... Azərbaycanın Xalq artisti Nataliya Şarovskaya üçün bu il əlamətdardır – onun yubileyidir.
Zəngin səhnə təcrübəsinə yiyələnən aktrisa Tuanetta (Molyer, “Zorən xəstə”), Zoya (A. Ostrovski “Yaraşıqlı kişi”), Jozefina (F.Brukner “Napoleon I”), Süzanna (R.Toma “İkinci atəş”), Arkadina (A.P.Çexov “Qağayı”), Qonerilya (U.Şekspir “Kral Lir”), Məryəm (S.Vurğun “Fərhad və Şirin”), Şəhrəbanu xanım (M.F.Axundzadə “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur”), Epifaniya Onizanti di Pareqra (B.Şou “Milyoner qadın”) rollarını canlandırıb.
Aktrisanın AZƏRTAC-ın müxbirinə müsahibəsini təqdim edirik:
- Aktrisanın və qadının yubileyi…
- Təkcə bunu deyəcəyəm… Hesab edirəm ki, aktyorluq baxımından yubiley – təkcə rəqəmlərdən ibarət doğum günü demək deyil. Bu, əslində aktyorun imkanlarının növbəti nümayişidir... Onun sənətdə göstərə biləcəyi məharətlərinin növbəti mərhələsidir. Həm aktyorun özü üçün. Həm də tamaşaçılar üçün. Mən belə düşünürəm ki, yaş üstünə yaş gəldikcə daha çox özü üçün... Çünki teatrda keçən ömür artıq konkret dönüş nöqtəsi, həyat mərhələsi deməkdir. Lakin aktyorlar yenə də işləmək, yaratmaq istəyirlər. Doğrudur, bəzən daha çox emosional və fiziki tükənmişliklə müşayiət olunan yorğunluqdan və digər nüanslardan da bəhs edildiyinin şahidi oluruq... Ancaq yenə də səhnəyə çıxanda hər şey bir anda sıfırlanır və aktyorun yaratdığı rolun ona verdiyi şövq və xoş ləzzət dünyada heç bir şeylə müqayisə oluna bilməyəcək xoşbəxtliyə və məmnunluğa çevrilir. Zənnimcə, aktrisanın yubileyinin qadının yubileyindən fərqi də məhz bundadır. Bütün digər mənalarda isə yubiley sadəcə olaraq formada olduğunu sübuta yetirmək üçün növbəti üsuldur.
- Bəs daha yaşlı rollara keçid etmək necə?
- Tamamilə sakit qarşılayıram! Mən səhnədə heç də cəlbedici olmayan qiyafədə və görkəmdə görünməkdən çəkinmirəm. Hətta doxsan yaşlı qarını da oynayaram. Yeri gəlmişkən, Aleksandr Şarovski yaşımla bağlı fobiyam olmadığını yaxşı bilir. Elə aktrisalar var ki, gerçəkliklərlə üzləşməkdən və bunun perspektivdə yarada biləcəyi fəsadlardan əzab çəkirlər. Mən isə tamamilə ciddi şəkildə deyirəm ki, mənim üçün fərqi yoxdur. Nənə rolunu oynamaqdan qorxacağam? Mən axı yaşımdan qətiyyən utanıb çəkinmirəm. Qırışlar? Hə, nə olsun ki?! Mən bu barədə danışmaqdan çəkinmirəm.
- Kinoda çəkilməklə öz çevrələrini genişləndirməyə can atmaq aktyorlara xas olan xüsusiyyətdir.
- Mən kinonu sevmirəm, çünki teatrda hər tamaşanı sən müxtəlif cür canlandıra bilirsən, kinoda isə çəkilirsən, vəssalam. Teatr isə... O sənin daxili emosional vəziyyətinlə birbaşa əlaqəlidir. Xeyr. Mən şəxsi həyatda baş verən xoşagəlməzlikləri səhnəyə daşımaqdan bəhs etmirəm. Teatr sənətinin çərçivə və sərhədləri möhkəmdir. Ona görə də, hər yeni tamaşa yeni kimilikdir. Olduğu kimi başdan-ayağa eyni şəkildə oynanılan tamaşa yoxdur. Mən hər zaman tamaşalara yenidən baxmağı təklif edirəm. Premyeranı isə həmişəlik olaraq möhürü vurulmuş tamaşa hesab etmək lazım deyil. İlk dəfə sadəcə həyəcanda olursan. Bəzən təcrübə və hətta yaş da kömək etmir.
- Otuz ildən çoxdur ki, Rus Dram Teatrının səhnəsindəsiniz. Sizinlə eyni səhnəni paylaşan neçə nəsil aktyorlar yetişib.
- Mən gənclərlə işləməyi çox sevirəm... Bilirsiniz, bir anlıq nə barədə düşündüm? Onlar mənim üçün gəncdirlər, halbuki bəzilərinin yaşı qırxı ötüb. Mən indi truppaya yeni daxil olan çox gənc aktyorlardan danışmıram, Aleksandr Yakovleviçin (Aleksandr Şarovski – red.) tələbələrini nəzərdə tuturam. Onun dəstəsini... Mən Murad Məmmədovla çox işləyirəm. O, bir aktyor, mükəmməl, anlayışlı və yaxşı tərəf müqabili kimi çox xoşuma gəlir. Olya, Maşa, Həcər... Fuadı, Səfanı heç demirəm. Bizim ömrümüz onlarla bir keçib. Hələ yenicə boy atmağa başlayan truppa üzvlərimizlə təcrübəm elə də çox deyil, ancaq Aleksandr Yakovleviçin “Voytsek” tamaşasında onlarla necə işlədiyimi görməyə iki göz lazımdır tamaşa etsin. Mən sözün yaxşı mənasında şok içində idim. Xeyli vaxtdır ümumiyyətlə belə bir vəziyyətlə qarşılaşmırdım. Uzun müddət bu tamaşanın təsirindən çıxa bilmədim. Bu tamaşada iştirak edənlərin demək olar ki, hamısı gənclərdir! Baş rolun ifaçısı Rüfət Əliyev xarici görkəmi ilə uzlaşmayan qeyri-adi səs tembrinə malikdir, bu səs ona Tanrının hədiyyəsidir. Əgər o, bunun üzərində bir qədər də işləsə, gələcəkdə bu, onun istedadının daha da dərinləşməsinə rəvac verə bilər.
- Bəs rollarınıza heç nəzər sala bilirsinizmi?
- Mən öz rollarımı əlbəttə ki, xatırlayıram. Tez-tez onları necə oynadığımı bir-bir yada salıram. Məni əminliklə çoxlu sayda yaxşı rollar oynamış və əla repertuara malik olmuş xoşbəxt aktrisaların siyahısına aid etmək olar. Həqiqətən də, “xidmət siyahıma” nəzər salmalı olsam, deyə bilərəm ki, özümü tamamilə uğurlu aktrisa hesab etmək hüququm var. Ona görə də, bu dəfəki yubileyimə çox sayda rollarla qədəm basıram. Məhz bu səbəbdən mən oynadığım rolları xoş xatirə və sevgi ilə yada salıram.
- Bu rolların siyahısında bu yaxında əlbəttə ki, bir çox aktrisaların xəyal belə edə bilmədiyi “Albalı bağı” tamaşasındakı Ranevskaya rolu da var...
- Dahi Çexov... Biz belə qənaətə gəldik ki, Lyubov Andreyevna obrazı “lyubov” (sevgi) sözünün insan şəklinə salınmış interpretasiyasıdır. Bəli, o bir qədər özündə deyil, ərköyündür, bir az da eqoistdir. Yadımdadır, mənə kimsə yazmışdı ki, bəs o niyə belə zərifdir? Ona görə də, fürsətdən istifadə edərək, bildirmək istəyirəm ki, həyatda başına gələn çoxsaylı hadisələr onun zərif çiyinlərini büküb. Azyaşlı oğlunun vəfatı ilə üzləşib, guya sevərək ərə getdiyi həyat yoldaşı isə “şəhvət və günahın” içində itib batır. Bəli, üzləşdiyi həyat tərzi onu da günaha batırıb. Lakin qadın bütün ömrü boyu sevgi axtarışındadır. Üstəlik, bəxti gətirməyən talesiz qadındır... Ümumiyyətlə, Çexovun personajları arasında xoşbəxt insan yoxdur. Yeri gəlmişkən, mənim öz şəxsi repertuarımda Arkadina rolu (A.P.Çexovun “Qağayı” əsəri) da var. Mən o obrazı gözü özündən başqa heç kimi görməyən təkəbbürlü, ətrafındakı insanları demək olar ki, heçə sayan qadın nöqteyi-nəzərindən yaratmağa çalışmışam. Ranevskaya isə tamamilə başqadır. Mənim yaratdığım rolun yeganə və dəyişilməz olduğu ilə bağlı heç bir iddiam olmasa da, öz Lyubov Andreyevnamı mən məhz oynadığım interpretasiyada görürəm.
- O zaman belə demək olarmı ki, hər bir yaratdığınız qadın obrazında siz məhz sevgi görürsünüz.
- Tanrıya şükürlər olsun ki, hər zaman nazımla oynanılan və sevgiyə qərq edildiyim gözəl bir ailədə doğulub boya-başa çatmışam. Mən özümü ailəmdə zərif çiçək kimi hiss edirdim. Atamın, anamın, qardaşımın sevgi selində üzürdüm. İndi isə onların heç biri təəssüf ki, həyatda yoxdur. Sonra mən yavaş-yavaş həyat yoldaşımın sevgisinə alışmağa başladım. O məni çox sevir, mən də ona eyni duyğularla cavab verməyə çalışıram. Oğlum, nəvəm var... Bu insanların hər biri bu böyük sevginin hissələridir. Bəlkə də kənardan baxanda kifayət qədər “soyuq qadın” təəssüratı bağışlayıram... Hərdən elə olur ki, iş mübahisəyə gedib çıxır. Xüsusilə, gənclik illərimdə bəzilərində belə bir fikir formalaşmışdı: “Ona yaxın durmaq qətiyyən mümkün olmaz”. Lakin bu heç də belə deyil. Mən çox emosional insanam. Hətta bu gün belə ürəyim sevgi ilə dolub-daşır. Əlbəttə, gözəllik dünyanı xilas edəcək, amma motivasiya baxımından sevgi daha səmərəlidir... Həm də teatr da bu duyğulardan kənar deyil. Bunun məhz belə olması üçün biz də əlimizdən gələni etməyə çalışacağıq. Əsas odur ki, Yer üzündə sülh olsun və insanlar bir qədər ayılsınlar. Axı bir-birini sevərək yaşayanda həyat da asanlaşır...