ELM VƏ TƏHSİL
“Azərbaycanda maarifçilik fenomeni” kitabı Almaniyada çap olunub
![“Azərbaycanda maarifçilik fenomeni” kitabı Almaniyada çap olunub](/files/2021/2/1200x630/162523611546001358_1200x630.jpg)
Bakı, 2 iyul, AZƏRTAC
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zöhrə Əliyevanın “Azərbaycanda maarifçilik fenomeni” kitabı Almaniyada çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Almaniyanın “Edition Universitaire Europeenne” nəşriyyatında işıq üzü görən kitabda XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan ədəbi-nəzəri düşüncəsinin əhəmiyyəti və aktuallığı, Qərb və Şərq sintezi olan maarifçilik ənənələri, Azərbaycanın mədəni, mənəvi və ədəbi irsi, tarixi keçmişi araşdırılır. Vurğulanır ki, Azərbaycanın mədəni və ədəbi həyatında mühüm mərhələ təşkil edən maarifçilik fenomeni çoxəsrlik milli adət-ənənələrlə yanaşı, dünya mədəniyyəti ənənələrini də uğurla mənimsəyib.
Əsərdə, həmçinin Azərbaycanda maarifçilik düşüncəsinin formalaşmasında xidmətləri olan A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabi, S.Ə.Şirvani, N.Vəzirov, N.Nərimanov və başqalarının fikirlərindən, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasından bəhs edilir.