AZƏRBAYCANDA MOLDOVA MƏDƏNİYYƏTİ GÜNLƏRİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 23-də Səttar Bəhlulzadə adına sərgi salonunda Azərbaycanda Moldova mədəniyyəti günləri çərçivəsində moldovalı rəssam İqor Sverneyin rəsm sərgisi açılmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan və Moldova prezidentlərinin görüşünün ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın inklişafına böyük töhfələr verəcəyini vurğulayaraq, əlaqələrin mədəniyyət sahəsində də genişlənəcəyini bildirmişdir. Nazir bu tarixi hadisənin teatr, musiqi, rəssamlıq və incəsənətin digər sahələrində münasibətlərin qurulmasına müsbət təsir edəcəyini vurğulamışdır.
Moldovanın mədəniyyət və turizm naziri Artur Kozma dost Azərbaycan xalqının qonaqpərvərliyindən razılıqla danışmışdır.
Ötən il Moldovada Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini qeyd edən nazir Kişinyov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün qoyulduğunu bildirmişdir. Nazir bunu Moldova hökuməti və xalqı tərəfindən Azərbaycan mədəniyyətinə və ədəbiyyatına göstərilən hörmət kimi qiymətləndirmişdir.
Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov gənc moldovalı rəssamın sərgidə nümayiş olunan rəngli boya ilə işlənmiş əsərlərini yüksək dəyərləndirmişdir. Rəssamın həyata baxışını alqışlayan Ömər Eldarov fırça ustasının rəng çalarlarından məharətlə istifadə edərək, gözəl nümunələr yaratdığını söyləmişdir.
İndiyədək Fransa, Almaniya, Türkiyə, Amerika, Rusiya və ümumiyyətlə, 50-dən çox ölkədə sərgisi keçirilən İqor Sverneyin rəngkarlıq üslubunda çəkdiyi 41 əsəri və bir qobelen əl işi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Azərbaycanda Moldova mədəniyyəti günləri aprelin 24-də Yevlax şəhərində keçiriləcək tədbirlərlə davam etdiriləcəkdir.