CƏMİYYƏT
Azərbaycanda peşə standartlarının hazırlanmasında qabaqcıl dünya təcrübəsindən istifadə olunur
Bakı, 17 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə həyata keçirdikləri “Sosial müdafiənin inkişafı layihəsi”nin “İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması” tapşırığı çərçivəsində 200 peşə standartı hazırlanaraq bu ilin əvvəlindən sahibkarların istifadəsinə verilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, turizm, emal sənayesi, tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrini əhatə edən peşə standartlarının hazırlanması ölkəmizdə əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına, işçi qüvvəsindən daha səmərəli istifadənin təmin olunmasına xidmət edir. Bu standartlar, eyni zamanda, kadr hazırlığının əmək bazarının ehtiyaclarına uyğun olaraq təşkilində mühüm rola malikdir. Milli iqtisadiyyatın dinamik və çoxşaxəli inkişafı, həmçinin əlverişli demoqrafik vəziyyətin formalaşdığı şəraitdə ƏƏSMN bu prosesin davam etdirilməsini, müxtəlif sahələrə aid daha 5 mindən çox peşə standartının hazırlanmasını nəzərdə tutur.
Peşə standartlarının hazırlanması prosesi beynəlxalq ekspertlərin və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən işəgötürənlərin iştirakı, qabaqcıl dünya təcrübəsindən istifadə olunmaqla həyata keçirilir.