MƏDƏNİYYƏT
Azərbaycanda tatarların Sabantuy bayramı qeyd olunmuşdur
Bakı, 25 iyun (AZƏRTAC). Azərbaycanın qədim Şamaxı şəhərində Sabantuy tatar xalq bayramı qeyd edilmişdir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bayram mərasimində “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin əməkdaşları və “Sozvezdiye” gənclərin yaradıcılıq klubunun üzvləri də iştirak etmişlər.
Yüzlərlə həmvətənimiz, Azərbaycanın tatar təşkilatlarının nümayəndələri ənənəvi bayramda iştirak etmək üçün Şamaxıda toplaşmışlar.
Əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səslənmişdir.
Rusiyanın ölkəmizdəki səfirliyinin müşaviri, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov bayrama toplaşanları salamlamışdır. Rusiyalı diplomat demişdir: “Kazanda belə deyirlər: Sabantuyu necə bayram edərsən, o cür də məhsul götürərsən”.
V.Denisov Sabantuyun iştirakçılarına xoş bayram əhval-ruhiyyəsi arzulamışdır.
Azərbaycandakı bir çox xalqların - azərbaycanlı, tatar, rus, ləzgi, avar, ukraynalı və kürdlərin mədəniyyətlərini təmsil edən yaradıcı kollektivlərin iştirakı ilə böyük konsert keçirilmişdir.
Bayramın yaddaqalan hadisəsi yaxın vaxtlarda RİMM-in nəzdində yaradılmış “Sozvezdiye” gənclərin yaradıcılıq klubu üzvlərinin debütü olmuşdur. Klubun üzvü Səid İsmayılzadə Sergey Yeseninin sözlərinə yazılmış “Mənim dostum” mahnısını və “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa etmişdir. Mahnılar Münəvvər Muxtarovanın ifa etdiyi rəqslərlə müşayiət olunmuşdur. Gənclərin çıxışı sürəkli alqışlarla qarşılanmışdır.