AZƏRBAYCANDA UĞURLU GENDER SİYASƏTİ APARILIR
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda səfərdə olan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin üzvü Navamanee Ratna Patten ədliyyə nazirinin müavini Toğrul Musayev ilə görüşmüşdür.
Azərbaycanda məqsədyönlü gender siyasətinin aparıldığını vurğulayan nazir müavini, bu mühüm sahəyə ulu öndərimiz Heydər Əliyevin böyük önəm verdiyini, bununla əlaqədar xüsusi Dövlət proqramının qəbul olunduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, hazırda Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin iştirakçısı olduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının müddəalarının milli qanunvericiliyə implementasiyası və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışan T.Musayev bunun üçün mükəmməl və zəruri normativ-hüquqi bazanın formalaşdığını, müvafiq təsisatların yaradıldığını diqqətə çatdırmışdır.
Görüşdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 54 faizini qadınlar təşkil edən bir milyondan artıq soydaşımızın öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşdüyü, onların insan hüquqlarının kütləvi şəkildə pozulduğu xüsusi vurğulanmışdır.
Müasirləşən cəmiyyətimizdə qadın hüquqlarının daha etibarlı qorunmasında ədalət mühakiməsinin rolundan söz açan nazir müavini, ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının inkişafı istiqamətində hərtərəfli islahatların aparıldığını vurğulamış, eyni zamanda, beynəlxalq təcrübədən faydalanmağın, hüquqi maarifləndirmə işinin gücləndirilməsinin və qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əməkdaşlığının səmərəliliyinin artırılmasının vacibliyini qeyd etmişdir.
Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində həyata keçirilən davamlı tədbirləri yüksək dəyərləndirən qonaq, görülən işlərin hökumətin siyasi iradəsinin təzahürü olduğunu, qısa müddətdə səylərin intensivləşməsini, insan və maliyyə resurslarının cəlb olunmasını qeyd edərək, səmərəli həyata keçirilən gender siyasətinin Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaratdığını vurğulamışdır. «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Qanunun qəbulunu alqışlayan qonaq, tezliklə «Məişət zorakılığının qarşısının alınması haqqında» Qanunun da qəbul olunacağına əminliyini ifadə etmişdir. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında BMT Konvensiyasına Azərbaycanın ilk qoşulan ölkələr sırasında olduğunu məmnunluqla bildirən Komitə üzvü, hökumətimizin həmin sənədlə bağlı təqdim etdiyi dövri hesabatı yüksək dəyərləndirərək, eyni zamanda bir sıra ölkələrin, o cümlədən Ermənistanın hələ də belə hesabat təqdim etmədiyini diqqətə çatdırmış və bu məsələnin Komitənin iclasında müzakirə ediləcəyinin nəzərdə tutulduğunu bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır. Sonra qonaq Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.