QAN YADDAŞI
AZƏRBAYCANIN BÖYÜK BRİTANİYADAKI SƏFİRLİYİ XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR LONDONDA BİR SIRA TƏDBİRLƏR KEÇİRMİŞDİR
Ölkəmizin Böyük Britaniya səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, qurum Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar Londonda bir sıra tədbirlər keçirmişdir.
Nüfuzlu təhsil ocaqlarından olan Reading Universitetində, “İmperiya Hərbi Muzeyi”ndə (İmperial War Museum - IWM) keçirilən tədbirlərdə Londonda akkreditə olunmuş səfirliklərin nümayəndələri, Britaniya Parlamentinin Lordlar və İcmalar Palatasının üzvləri, nüfuzlu beynəlxalq tədqiqat mərkəzlərinin, eləcə də yerli türk və Azərbaycan icmalarının nümayəndələri, o cümlədən Britaniyanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak etmişlər. Londonda rəsmi səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə. Qarayev hər iki tədbirin iştirakçısı olmuşdur.
Azərbaycanın Böyük Britaniyadakı səfiri F. Qurbanov tədbirlərdəki çıxışlarında Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşında dərin iz buraxdığını söyləmişdir. O, bu faciənin ermənilərin azərbaycanlılara qarşı törətdiyi misli görünməmiş vəhşilik və qəddarlıq olduğunu qeyd etmişdir.
ABŞ-ın Montana Universitetinin tədqiqatçısı, jurnalist və “Azərbaycan gündəliyi” (Azerbaijan diary) kitabının müəllifi Tomas Qolts (Thomas Goltz) tədbirlərdə çıxış etmişdir. T.Qolts Xocalı hadisələrində günahsız insanların xüsusi qəddarlıqla qətlə yetirilməsi, bu hadisələrin həmin dövrdə dünya mətbuatının diqqətini cəlb etdiyini vurğulamış, Xocalı faciəsinin bəşəriyyət tarixində ən dəhşətli hadisələrdən olduğunu və onun hələ uzun zaman yaddaşlardan silinməyəcəyini bildirmişdir.
Tədbirlərdə Heydər Əliyev Fondundan göndərilmiş azyaşlı uşaqların rəsm əsərlərindən ibarət “Xocalı - uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi, faciəni əks etdirən fotosərgi nümayiş etdirilmiş, iştirakçılara faciəyə və Dağlıq Qarabağ münaqişəsinə aid müxtəlif nəşrlər paylanmış, Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilmişdir.