SİYASƏT
AZƏRBAYCANIN DAXİLİ İŞLƏR NAZİRİNİN KİYEVƏ SƏFƏRİ
Mayın 29-da Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ukraynaya ikigünlük rəsmi səfərə gəlmişdir.
Səfərdən məqsəd iki dost ölkənin daxili işlər nazirlikləri arasında əməkdaşlığı, beynəlxalq terrorizm və cinayətkarlıqla mübarizədə qarşılıqlı əməli fəaliyyəti inkişaf etdirmək və möhkəmlətmək, hər iki dövlətin vətəndaşlarının hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsini təmin etməkdir.
Kiyevin “Borispol” hava limanında R.Usubovu və onu müşayiət edən şəxsləri Ukrayna DİN-in dövlət katibi A.Qapon, Azərbaycanın bu ölkədəki səfiri T.Əliyev, digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar.
Səfər zamanı 2002-2003-cü illərdə iki nazirlik arasında qarşılıqlı fəaliyyət haqqında protokol imzalanacaqdır.
Nümayəndə heyəti Ukraynanın daxili işlər orqanlarının fəaliyyət təcrübəsi ilə tanış olacaq, geniş fikir mübadiləsi aparılacaqdır.
Nazir R.Usubov Ukrayna Azərbaycanlıları Konqresində birləşmiş diasporumuzun fəalları ilə də görüşəcək, ölkəmizin səfirliyinə gedəcəkdir. O, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Beynəlxalq Münasibətlər və Sosial Elmlər İnstitutunun tələbələri ilə də görüşəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın ştatdankənar müxbiri
Kiyev