İQTİSADİYYAT
Azərbaycanın energetika nazirinin müavini Yaponiyanın “MBS” televiziyasına müsahibəsində “Cənub” qaz dəhlizinin əhəmiyyətindən danışıb
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov Yaponiyanın “MBS” televiziyasının “Real Sekai-kun” adlı proqramı üçün müsahibə verib. O, müsahibəsində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışıb.
Bu barədə AZƏRTAC-a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, Azərbaycanın iqtisadi inkişafı, mədəniyyəti, adət-ənənələri və tarixi yerləri haqqında silsilə xarakterli reportajlar hazırlamağı nəzərdə tutan bu proqramın xüsusi bir buraxılışı enerji mövzusuna həsr edilib. Proqramda Azərbaycanın neft-qaz ölkəsi kimi tanınmasını şərtləndirən amillər, zəngin enerji resurslarının növbəti 100 il üçün yetərli olması, həyata keçirilən enerji layihələri, ölkə iqtisadiyyatının neft-qazdan asılılığının azaldılması istiqamətində görülən tədbirlərlə bağlı suallar cavablandırılıb.
Qeyd edilib ki, Azərbaycan iqtisadiyyatı şaxələndirmək, neft amilindən asılılığı daha da azaltmaq kursunu seçsə də, “Cənub” qaz dəhlizi kimi layihələrlə Avropanın enerji təhlükəsizliyinin təminatçısı statusu olmağı onu hələ uzun müddət enerji ölkəsi kimi dünyaya tanıdacaq.
1959-cu ildən fəaliyyətə başlayan “MBS” televiziyası Yaponiya əhalisinin 17 faizini təşkil edən (22 milyon nəfər) Kansai regionunun ən geniş yayım sahəsini əhatə edir.