CƏMİYYƏT
“Azərbaycanın İslam dini modeli” mövzusunda tədbir keçirilmişdir
Bakı, 8 dekabr (AZƏRTAC). Dekabrın 8-də “Müasir İnkişaf” İctimai Birliyi “Azərbaycanın İslam dini modeli” mövzusunda tədbir keçirmişdir.
Birliyin sədri Mübariz Aşırlı bildirmişdir ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti müsəlmandır. İslam dininin mütərəqqi, cəmiyyəti inkişafa aparan bir din olduğu şübhəsizdir. Hər bir dövlətdə olduğu kimi, ölkəmizdə də ərazi bütövlüyünün bərpası, dövlətçiliyin inkişafı, cəmiyyətin tərəqqisi üçün din faktorundan səmərəli şəkildə yararlanmaq lazımdır.
Çıxış edənlər Azərbaycanın tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycanda tarixən tolerantlıq ənənələrinin olması və bu gün də davam etdirilməsi istər beynəlxalq təşkilatlar səviyyəsində, istərsə də dünyanın nüfuzlu din xadimləri, din mərkəzləri səviyyəsində təsdiqini tapmış faktdır. Dünyanın nüfuzlu din xadimləri dəfələrlə ölkəmizə səfər etmişlər. Etiraf etmişlər ki, Azərbaycanda tolerantlığın böyük bir tarixi ənənələri vardır.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılmış, təkliflər səsləndirilmişdir.