SİYASƏT
Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən 28 May - Respublika Gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir
Bakı, 29 may (AZƏRTAC). Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən 28 May - Respublika Gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Mərasimdə xarici ölkələrin İstanbuldakı diplomatik korpusunun təmsilçiləri, iş adamları, burada yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.
Baş konsulluqdan AZƏRTAC-a bildirmişlər ki, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır.
Mərasimi açan Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirmişdir ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirdiyi tədbirlər, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm rol oynamışdır.
Həsən Zeynalov qeyd etmişdir ki, XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində regionda və dünyada nüfuzlu dövlətə çevrilmişdir. Vurğulanmışdır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən, qüdrətlənən, inkişaf edən müasir müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Respublika Gününə həsr olunmuş tədbirdə çıxış edən İstanbul valisi Hüseyin Avni Mutlu xalqımıza təbriklərini çatdıraraq qardaş Azərbaycanın bugünkü inkişafının qürurverici olduğunu bildirmişdir.
İstanbulda yaşayan həmvətənlilərimiz də gündən-günə inkişaf edən Azərbaycanın uğurlarında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən söz açmışlar.
Bayram mərasimi Azərbaycandan gəlmiş estrada, muğam ifaçılarının və rəqs ansamblının maraqlı çıxışı ilə davam etdirilmişdir.