Azərbaycanın Müstəqillik Günü Təl-Əviv şəhərində qeyd edilib
Bakı, 28 may, AZƏRTAC
Azərbaycanın İsraildəki səfirliyi 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil edib.
Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
Təl-Əviv şəhərində keçirilən tədbirdə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dönəmində həmin dövr üçün misilsiz hesab edilən nailiyyətlərdən və ölkəmizdə mövcud olan multikultural mühitdən danışıb. Səfir, həmçinin Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda bu günə kimi ölkə rəhbərliyi tərəfindən görülən işlər, ölkənin hər bir nöqtəsində Azərbaycan bayrağının dalğalanması üçün canını fəda etmiş şəhidlər və Prezident İlham Əliyev tərəfindən siyasi, iqtisadi, hərbi, sosial və humanitar sahələrdə həyata keçirilən uzaqgörən siyasət haqqında məlumat verib.
Tədbirdə İsraildə fəaliyyət göstərən “Sevgi” musiqi ansamblı və Qüds Lirik Operasının solisti Kameliya Yoffenin ifasında Azərbaycan klassik əsərləri və xalq mahnılarından ibarət konsert proqramı təqdim edilib, Azərbaycan Televiziyası və Bakı Media Mərkəzinin Azərbaycana həsr etdiyi videoçarxlar qonaqlara nümayiş olunub.
Tədbir iştirakçıları üçün, həmçinin xüsusi yarışma keçirilib və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə qaliblərə 2 ədəd Təl-Əviv – Bakı istiqamətində uçuş bileti hədiyyə edilib.
Mərasimdə Azərbaycanın İsraildəki diaspor nümayəndələri iştirak ediblər.