Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisində 168 adda müdafiə təyinatlı məmulat nümayiş etdirəcək
AZƏRTAC xəbər verir ki, bu sözləri 1-ci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
Y.Musayev bildirib ki, uzun müddətdir “ADEX-2014” sərgisinin hazırlıqlarına başlanılıb. Bu müddət ərzində aidiyyəti qurumlarla birlikdə təşkilat komitəsi yaradılıb. İşlər səmərəli keçib. Nazir müavini daha sonra deyib: “Sərgidə 34 dövlətdən 200 şirkət iştirak edir. Bu qədər şirkətlərin sərgidə iştirakı sübut edir ki, Azərbaycan dövlətinin nüfuzu artıb. Azərbaycan dünyada artıq öz sözünü demiş və inkişaf etmiş dövlət kimi özünü sübut edib”.
Yəhya Musayev bildirib ki, müdafiə sənayesi sərgiləri ancaq dünyada inkişaf etmiş dövlətlərdə keçirilir. Postsovet məkanında bu cür sərgilər Azərbaycandan əvvəl Rusiya, Belarus, Qazaxıstanda keçirilib. Amma digərlərindən fərqli olaraq Azərbaycanda keçirilən sərgidə daha çox şirkət və firmalar iştirak edir. Müdafiə Sənayesi Nazirliyi artıq 15-dən çox sərginin iştirakçısı olub. Nazirlik bu sərgilərə və bazara çıxardığı məhsullarla özünü təsdiq edib. İlk sərgidə nazirliyimiz 27 adda müdafiə təyinatlı məmulat təqdim etmişdisə, artıq “ADEX-2014” də 168 adda məmulat nümayiş etdirəcəyik.
Nazir müavininin sözlərinə görə, sərgidə Türkiyə və İsrailin müdafiə nazirləri, Belarus, Qətər, Malayziyanın müdafiə nazirlərinin müavinləri iştirak edəcəklər. İran və bir neçə dövlət isə Müdafiə nazirliklərinin qərargah rəisləri səviyyəsində təmsil olunacaqlar.
Bundan əlavə, sərgidə Fransa, ABŞ, Xorvatiya, İspaniya və bir çox qabaqcıl ölkələrin şirkətləri də iştirak edəcəklər.