ELM VƏ TƏHSİL
“Azərbaycanın neft-qaz potensialı” monoqrafiyası və “Haqq və ədalət uğrunda” kitab albomunun təqdimatı olmuşdur
Bakı, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 14-də Azərbaycanda Atatürk Mərkəzində AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Kərim Kərimovun yeni çapdan çıxmış “Azərbaycanın neft-qaz potensialı” monoqrafiyası və “Haqq və ədalət uğrunda” kitab albomunun təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın tanınmış ziyalıları, alimlər və KİV nümayəndələri iştirak etmişlər.
Qısa məzmunu 8 dildə (Azərbaycan, türk, rus, ingilis, alman, fransız, ərəb və fars) verilmiş “Azərbaycanın neft-qaz potensialı” monoqrafiyası bəşəriyyəti bütün növ enerji daşıyıcıları, xüsusilə də neft, qaz və onlardan alınan məhsullarla təminatı məsələlərinə həsr edilmişdir.
“Haqq və ədalət uğrunda” kitab albomunda (4 dildə Azərbaycan, türk, rus, ingilis) isə bəşəri bəlaya çevrilmiş erməni separatizmi və terrorizminin riyakar sifətlərinin ifşasına yönəlmiş karikaturalar əksini tapmışdır.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərov görkəmli alimin əsərlərinin məzmununun milli-mənəvi dəyərlərimizlə və bütün türk dünyası ilə bağlı olduğunu bildirmişdir. Vurğulanmışdır ki, Azərbaycanın neft-qaz potensialı ilə bağlı dəyərli fikirlərin yer aldığı monoqrafiya elmi cəhətdən çox qiymətli və fundamental əsərlərdəndir. Satirik üslubda olmasına baxmayaraq, olduqca estetik, məzmunca, ideyaca mükəmməl olan kitab albom isə məzmununa, sənətkarlığına görə seçilir.
Mərasimdə çıxış edənlər görkəmli alimin mənalı ömür yolundan və zəngin yaradıcılığına nəzər salmışlar. Bildirilmişdir ki, zəmanəmizin görkəmli geoloq-geofizik alimlərindən biri olan Kərim Kərimovun 50 ilə yaxın davam edən elmi fəaliyyəti nəticəsində Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın neftli-qazlı əyalətlərinin dərinlik quruluşu öyrənilmiş, neft geologiyası və geofizikası sahəsində bir sıra fundamental elmi işləmələr başa çatdırılmışdır. Dərin nəzəri tədqiqatlarla yanaşı, daima elmi-praktiki işlərlə məşğul olan K.Kərimovun tövsiyələri əsasında bir sıra neft-qaz yataqları açılmışdır.
Vurğulanmışdır ki, “Əsrin müqaviləsi” və digər neft müqavilələrinin əhatə etdiyi yataqların hüdudlarının və ehtiyatlarının işlənib hazırlanmasında alimin böyük zəhməti olmuşdur. Görkəmli alimin zəlzələlərin baş verməsinin qabaqcadan öyrənilməsinə dair yeni metodikası seysmologiya elmində yenilik kimi dəyərləndirilmişdir.
Onun insanlığı təhdid edən faciələri öldürücü karikatura atəşinə tutan karikaturaçı-rəssam kimi tanındığı qeyd edilmiş, plakatlarının əsas mövzusunun ermənilərin Azərbaycan xalqına qarşı yeritdiyi qəsbkarlıq və soyqırımı siyasəti, türkdilli dövlətlər və türk xalqlarına qarşı yönəldilmiş siyasi fitnələri ifşa etmək olduğu vurğulanmışdır. O, əsərlərində erməni cinayət və xəyanətlərinin satirik görüntülərini oxuculara “Terrorizm, separatizm, narkomaniya və ermənizm hamısı bəşəriyyətə bir bəladır” hökmü ilə imzalamışdır.
Çıxışçılar təqdim edilən yeni nəşrlər münasibətilə alimi təbrik etmiş və ona yeni elmi və yaradıcılıq uğurları arzulamışlar.
Sonda Kərim Kərimov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, həm alim, həm də rəssam kimi yaradıcılığını davam etdirəcəyini vurğulamışdır.