İQTİSADİYYAT
Azərbaycanın növbəti illərdə qeyri-neft sektorundakı inkişafı daha da yüksələcəkdir
Bakı, 8 fevral (AZƏRTAC). Son 10 ildə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektorunda ÜDM-in həcmi 2,7 dəfə artmışdır.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən II Vergi Forumunda bildirmişdir.
Onun sözlərinə görə, həmin dövrdə qeyri-neft sektorunun orta artım tempi illik 10 faizdən yuxarı olmuşdur. Bu, dünya miqyasında çox yüksək göstəricidir.
Nazir müavini vurğulamışdır ki, ötən il ölkədə əsas kapitala investisiya qoyuluşu təqribən 20 milyard təşkil etmişdisə, bunun 76 faizdən çoxu məhz qeyri-neft sektoruna yönəldilmişdir. Qeyri-neft sektorunun inkişafına müsbət təsir edən əsas amil kimi səmərəli vergi siyasətinin həyata keçirilməsi xüsusi vurğulanmalıdır.