Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev
Bakı, 5 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyev müasir, müstəqil Azərbaycanı bizlərə bəxş edən dahi şəxsiyyətdir. Müasir Azərbaycanın dünyada öz yerini tutması Ulu Öndərin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilmiş “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev” adlı kitab sərgisində kitabxananın direktoru Kərim Tahirov söyləyib.
Ulu Öndərin dövlətçiliyimizin inkişafındakı tarixi rolundan danışan K.Tahirov deyib ki, Ümummilli Liderin ideyaları və işləri daim Azərbaycan xalqının rifahına yönəlib. Onun məqsədyönlü siyasəti nəticəsində dünya Azərbaycan adlı bir ölkənin varlığından, onun sahib olduğu dəyərlərdən xəbər tutub. Müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan bu dahi şəxsiyyət dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir lider olub. Azərbaycanın bugünkü uğurları və işıqlı sabahı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
“Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, formalaşmasında, xalqımızın müstəqillik arzularının həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu Öndərin böyük səyi nəticəsində Azərbaycan oddan-alovdan qurtuldu. Dahi şəxsiyyət Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu. Bu dahi şəxsiyyət Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin bütövlüyü, demokratiyanın inkişafı üçün fədakarlıqla çalışıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün Ulu Öndər kimi Azərbaycanın inkişafı üçün əlindən gələni edir. Bunun nəticəsi olaraq bu gün Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevrilib”,- deyə kitabxananın direktoru vurğulayıb.
Bakı Dövlət Universitetinin dosenti Rasim Kazımov, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində dayanan nəhəng şəxsiyyətdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevi əbədiyaşar lider zirvəsinə yüksəldən onun dövləti, xalqı qarşısındakı xidmətləri, bu günümüzə və gələcəyimizə bələdçilik edən ideyalarıdır. Heydər Əliyevin həyatı və fəaliyyəti öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin nümunəsi kimi daim yaşayacaq.
Sonra qonaqlar sərgidə yer alan kitablara baxıblar. Ulu Öndərlə bağlı 300-dək kitabın yer aldığı sərgi 10 gün ziyarətçilər üçün açıq olacaq.