SİYASƏT
AZƏRBAYCANIN SANKT-PETERBURQDAKI BAŞ KONSULU FEDERAL MİQRASİYA XİDMƏTİ İDARƏSİNİN RƏİSİ İLƏ GÖRÜŞMÜŞDÜR
Sankt-Peterburq, 25 sentyabr (AZƏRTAC). Sentyabrın 24-də Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov şəhər və Leninqrad vilayəti üzrə Federal Miqrasiya Xidməti İdarəsinin rəisi xanım Yelena Dunayeva ilə görüşmüşdür.
Görüşdə Y.Dunayeva Rusiya qanunvericiliyindəki yeniliklər barədə geniş məlumat vermişdir.
Baş konsul Q.Osmanov Federal Miqrasiya Xidmətinə daimi-müvəqqəti yaşayış statusu almaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının üzləşdikləri problemlərindən danışaraq, respublikamızın vətəndaşlarının hüquq və mənafelərinin qorunması baş konsulluğun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu vurğulamışdır. Q.Osmanov bildirmişdir ki, bu problemlərin müsbət həlli istiqamətində baş konsulluq tərəfindən hər cür kömək göstərilir.
Bundan əlavə, görüşdə əmək vizasının alınması üçün xarici vətəndaşlara, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarına ayrılan kvotalar barədə geniş müzakirələr aparılmışdır.
Görüşdə Y.Dunayeva soydaşlarımızla bağlı məsələlərin qanun çərçivəsində həll olunduğunu qeyd edərək, çətinliklərin müsbət həlli istiqamətində baş konsulluqla birgə əməkdaşlıqdan məmnun qaldığını vurğulamışdır. Baş konsul Q.Osmanov Azərbaycan Respublikasının vətəndaşlarına göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir.