ELM VƏ TƏHSİL
“AZƏRBAYCANIN TƏBİİ RADİAKTİVLİK XƏRİTƏ-MODELİ” TƏRTİB OLUNMUŞDUR
Bakı, 22 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda ilk dəfə 1:1000000 miqyaslı “Azərbaycanın təbii radiaktivlik xəritə-modeli” tərtib olunmuşdur.
İnstitutun mətbuat xidmətindən bildirmişlər ki, burada ərazilərimizin radiaktivlik fonu üç kateqoriyada - 6 mikrorentgen/saatdan aşağı, 6-7 arası və 7-dən yuxarı müəyyən edilmişdir. Bu nəşr son 25 ildə ərazilərimizdə təbii radioaktivliyin paylanması üzrə aparılmış elmi tədqiqatların nəticəsidir və ötən əsrin 60-cı illərinin elmi materiallarından da istifadə olunmuşdur.
Ümumrusiya Geoloji Elmi-Tədqiqat İnstitutundan xəritə-modelə rəsmi şəkildə müsbət rəy verilmiş və gələcək elmi tədqiqat işlərində bu nəşrin böyük rol oynayacağı bildirilmişdir. Ümumiyyətlə, xəritə-modeldən aydın olur ki, Azərbaycanda insan həyatı üçün zərərli ola biləcək dərəcədə təbii radioaktivlik yoxdur. Lakin Abşeronun bəzi ərazilərində təbii yox, texnogen amillərdən yaranmış radioaktivlik vardır və onların dərəcəsi ilə bağlı mütəmadi monitorinqlər aparılmalıdır.