CƏMİYYƏT
Azərbaycanın və Rusiyanın Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Bakı, 27 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti dekabrın 27-də Moskvaya səfər getmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan Qaldırılması Nazirliyinin dəvəti əsasında həyata keçirilən səfərin məqsədi “Xilasedicilər Günü” münasibətilə Moskvada keçirilən tədbirlərdə iştirak etməkdir.
Tədbir iştirakçıları əvvəlcə Moskva şəhərində xilasedicilərin şərəfinə ucaldılmış abidənin önünə əklil qoymuşlar.
Daha sonra Azərbaycanın və Rusiyanın Fövqəladə Hallar nazirliklərinin nümayəndə heyətlərinin görüşü olmuşdur.
Görüşdə müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişafının və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan Qaldırılması Nazirliyi arasında əlaqələrin inkişafında fərqləndiklərinə görə qarşılıqlı olaraq təltif edilmiş hər iki nazirliyin əməkdaşlarına medal və döş nişanları təqdim edilmişdir.