SİYASƏT
Azərbaycanın xarici işlər nazirinin müavini QİƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxış etmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Yunanıstanın Saloniki şəhərində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü toplantısı keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanı toplantıda nümayəndə heyətinin rəhbəri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil etmişdir. Nümayəndə heyətinə Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev və Xarici İşlər Nazirliyinin əməkdaşları daxil idilər.
Toplantıda QİƏT-in işinin səmərəliliyinin artırılması kontekstində 2009-cu ilin may-oktyabr aylarında Azərbaycanın sədrliyi müddətində irəli sürülmüş “QİƏT fəaliyyətinin planlaşdırılması və icrasında QİƏT Daimi Beynəlxalq Katibliyinin status və imkanlarının artırılmasına dair sənəd” Şura tərəfindən təsdiqlənmişdir.
Tədbirdə “ABŞ hökuməti və QİƏT arasında elm və texnologiyalar sahəsində əməkdaşlıq haqqında Niyyət Memorandumu” imzalanmışdır.
Təşkilata sədrlik Yunanıstandan Rumıniyaya keçmişdir.
M.Məmmədquliyev toplantıda çıxış edərək QİƏT-in perspektivlərinin və Azərbaycanın təşkilatdan gözləntilərinin yüksək olduğunu bildirmişdir. QİƏT Daimi Beynəlxalq Katibliyinin işinin səmərəli qurulmasının əhəmiyyətini qeyd edən nazir müavini vurğulamışdır ki, təşkilat çərçivəsində iqtisadi əməkdaşlığa əsas maneə törədən “dondurulmuş münaqişələr” həll edilmədən və regionda sabitlik bərqərar olmadan hərtərəfli iqtisadi əməkdaşlıq səmərəsiz olacaqdır.
Tədbir çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavininin Yunanıstanın xarici işlər nazirinin müavini ilə ikitərəfli görüşü keçirilmişdir. Görüşdə ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunmuşdur.