ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq konfransda Qobustan ərazisindəki palçıq vulkanlarından danışıb
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin böyük elmi işçisi Tofiq Rəşidov Novosibirsk şəhərində gənc alimlərin Yer elmləri üzrə VIII Beynəlxalq Sibir konfransında iştirak edib.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin A.Trofimuk adına Neft-Qaz Geologiyası və Geokimyası İnstitutunda təşkil olunmuş tədbirdə azərbaycanlı gənc tədqiqatçı tələbə və gənc alimlər üçün “Cənubi Xəzər hövzəsinin palçıq vulkanları” mövzusunda mühazirə oxuyub. O, “Azərbaycanın Qobustan ərazisində palçıq vulkanlarının məkanca yayılma aspektləri” mövzusunda məruzə ilə çıxış edib.
Almaniya, Polşa, Norveç, İran, Pakistan, Çin və digər ölkələrdən nümayəndələrin qatıldığı beş günlük konfrans V.Sobolev adına Geologiya və Mineralogiya İnstitutu, həmçinin Novosibirsk Dövlət Universitetinin dəstəyi ilə keçirilib.