CƏMİYYƏT
Azərbaycanlı gənclər Xefeydəki Elm və Texnologiya Universitetində olublar
Xefey, 26 iyul (AZƏRTAC, Səxavət Quliyev, Pərvanə Rəhimova). Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çində bu ölkənin mədəniyyətinə həsr olunmuş yay məktəbinin azərbaycanlı iştirakçıları Elm və Texnologiya Universitetində olublar.
AZƏRTAC xəbər verir ki, Xefeydə yerləşən ali təhsil müəssisəsi 1958-ci ildə təsis edilib və hazırda universitetdə 15 min 500 tələbə təhsil alır.
Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Jiajie Jiang ali təhsil müəssisəsinin qarşıdakı planları haqqında məlumat verib və azərbaycanlı tələbələrin burada təhsil almasında maraqlı olduqlarını diqqətə çatdırıb.
Məlumat verilib ki, universitetdə 10 ixtisas üzrə mütəxəssis hazırlanır. Ali təhsil müəssisəsi Çin Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərir və müəllimlərin əksəriyyəti bu qurumun üzvüdür.
Bildirilib ki, “Reuters” agentliyinin təsis etdiyi “2000-2010-cu illərdə ən yaxşı kimyaçı” reytinq cədvəlində universitetin 6 yetirməsi yer alıb.
Yay məktəbinin iştirakçıları universitetin muzeyi, laboratoriyası və kitabxanası ilə tanış olublar.
Səxavət Quliyev
Pərvanə Rəhimova
AZƏRTAC-ın müxbirləri
Xefey