CƏMİYYƏT
Azərbaycanlı Həmzə Sadıqovun yəhudiləri necə xilas etdiyi haqqında məqalə dərc olunub
![Azərbaycanlı Həmzə Sadıqovun yəhudiləri necə xilas etdiyi haqqında məqalə dərc olunub](/files/2022/1/1200x630/16492163505733614018_1200x630.jpg)
Berlin, 6 aprel, AZƏRTAC
Berlində rus dilində dərc olunan, oxucularının əksəriyyətini postsovet məkanından Almaniyaya miqrasiya etmiş yəhudi əsilli şəxslərin təşkil etdiyi “Evreyskaya Panorama” qəzetinin aprel buraxılışında “O, dünya xalqlarının mömini adına layiq görülməlidir- Azərbaycanlı Həmzə Sadıqov yəhudiləri necə xilas edib” sərlövhəli məqalə dərc olunub (https://evrejskaja-panorama.de/article.2022-04.on-dolzhen-stat-pravednikom-narodov-mira.html).
Məqalədə bildirilir ki, uzun illər boyu azərbaycanlılar və yəhudilər Azərbaycanda sülh və əminamanlıq şəraitində yaşayıblar.
AZƏRTAC xəbər verir ki, bu xalqların nümayəndələri bir-biri ilə əməkdaşlıq və dostluq ediblər. İkinci Dünya müharibəsi dövründə düşmənə qarşı çiyin-çiyinə vuruşublar. Müharibəyə görə birgə yaşadıqları ölkənin - SSRİ-nin qərb ərazilərini tərk etməli olan yəhudilər Azərbaycanda sığınacaq tapıblar. Qeyd olunur ki, hazırkı dövrdə dağ yəhudilərinin kompakt yaşadığı ən iri yaşayış məntəqəsi Azərbaycandadır. Ölkədə yəhudi icmaları və təşkilatları fəaliyyət göstərir, yəhudi dilində ədəbiyyat dərc olunur.
Məqalədə vurğulanır ki, İkinci Dünya müharibəsi dövründə azərbaycanlılar tərəfindən həyatı bahasına yəhudilərin xilas edilməsinə dair bir neçə fakt məlumdur. Onlardan biri də Qızıl Ordunun 51-ci motoatıcı diviziyasının zabiti Həmzə Cümşüd oğlu Sadıqovun 1942-ci ilin yanvar ayında göstərdiyi qəhrəmanlıqdır. Diqqətə çatdırılır ki, Həmzə Sadıqov 10 may 1915-ci ildə Ağdam rayonunda anadan olub. Valideynləri oraya Şuşa şəhərindən köçüb. 1938-ci ildə orduya çağırılıb. 1940-cı ildə Kiyevdə artilleriya üzrə hərbi məktəbi bitirdikdən və xüsusi hazırlıq keçdikdən sonra zabit kimi kəşfiyyat qrupunun tərkibində Qərb və Cənub cəbhələrində xidmət edib. 1941-ci ildən isə Baş Kəşfiyyat Xidmətinin (QRU) 4-cü bölməsinin polkovniki qismində Stalinqrad cəbhəsində müharibədə iştirak edib. Sözügedən bölməyə alman generalları, o cümlədən Adolf Hitler tərəfindən Stalinqard cəbhəsinə göndərilmiş general Yohan Karl fon Rodenburq barədə məlumatlar toplamaq tapşırılıb. Göstərdiyi uğurlu fəaliyyətə görə Hitler tərəfindən mükafatlandırılan general Rodenburqun qarşısında işğal olunmuş ərazilərdə yəhudi əsilli şəxslərin məhv edilməsi vəzifəsi qoyulub. Bu məqsədlə Karl fon Rodenburq öz qərargahı yanında “ölüm düşərgəsi” təsis edib. Düşərgədə əsir düşən yəhudilər saxlanılıb, yüzlərlə yəhudi işgəncələrə məruz qalıb və məhv edilib. Alman general həmçinin kütləvi qırğın üçün nəzərdə tutulan bioloji silahın hazırlanması ilə məşğul olub.
QRU tərəfindən vacib informasiyalara malik generalın canlı ələ keçirilməsinə qərar verilib və əməliyyata rəhbərlik Ded Xamza və ya Sadıqaşvili ləqəbləri ilə fəaliyyət göstərən Həmzə Sadıqova həvalə olunub. Tapşırığı uğurla həyata keçirən azərbaycanlı kəşfiyyatçı alman generalı canlı olaraq əsir alıb. Əməliyyat zamanı həmçinin “ölüm düşərgəsində” saxlanılan yüzlərlə yəhudi ailəsi, o cümlədən çoxsaylı uşaqlar azad olunub. Həmzə Sadıqov əməliyyat zamanı özü də ciddi yaralanıb və aldığı xəsarət nəticəsində iflic olub. Uzun müddət yataq xəstəliyinə məhkum olunan Həmzə Sadıqov aldığı yaralar səbəbindən nisbətən gənc yaşlarında (49 yaş) dünyasını dəyişib.
Məqalədə Həmsə Sadıqovun göstərdiyi qəhrəmanlıqdan ətraflı bəhs olunur. Bildirilir ki, azərbaycanlı kəşfiyyatçının qəhrəmanlığı və yəhudi uşaqların həyatını xilas etməsi barədə xarici mətbuatda ilk dəfə 22 oktyabr 1949-cu ildə İsraildə nəşr edilən “Maarif” qəzetində “Borc” başlıqlı məqalə dərc olunub. Məqalədə məsələyə dair həmçinin, amerikanlı jurnalist Nurit Qrinqer tərəfindən geniş araşdırma aparıldığı və ABŞ-da tanınmış “newsblaze.com” saytında ətraflı məqalənin dərc olunduğu barədə məlumat verilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin