MƏDƏNİYYƏT
Azərbaycanlı xanəndə Londonda konsert vermişdir
London, 24 avqust (AZƏRTAC). Londonun məşhur “Royal Albert Hall” konsert salonunda azərbaycanlı xanəndə Qoçaq Əsgərov və tələbəsi Fidan Hacıyevanın konserti olmuşdur.
AZƏRTAC xəbər verir ki, konsert “BBC 3” radiosunun dünya xalqlarının musiqi mədəniyyətinə həsr olunmuş “World Routes Academy” layihəsi çərçivəsində keçirilmişdir. İki hissədən ibarət olan konsertdə həmyerlilərimizlə yanaşı, Malidən gələn musiqiçilər də iştirak etmişlər.
Gecədə diplomatik korpusun nümayəndələri, burada yaşayan azərbaycanlı icması ilə yanaşı, müxtəlif ölkələrdən musiqisevərlər iştirak etmişlər. Muğam parçaları ilə yanaşı, milli musiqi alətlərimiz balaban, nağara, tar və kamançada ifalar da böyük rəğbətlə qarşılanmışdır.
Mali və Azərbaycan haqqında tamaşaçılara məlumat verən gecənin aparıcısı ölkəmizin zəngin musiqi tarixi və mədəniyyətinin olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, ölkəmizdə klassik musiqi ilə yanaşı, müasir estrada mahnılarının da təkrarolunmaz ifaçıları vardır. Azərbaycanın 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsində qalib olduğunu vurğulayan aparıcı ölkəmizin Qərblə Şərq arasında körpü rolunu oynadığı bildirmiş və özünəməxsus nadir musiqi mədəniyyəti haqqında dinləyicilərə məlumat vermişdir.
Konsert “BBC 3” radiosu ilə canlı yayımlanmışdır.
Konsertə bu linkdən baxmaq mümkündür:
http://www.bbc.co.uk/proms/whats-on/2013/august-22/14664
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London