İQTİSADİYYAT
“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından ötən il hasil olunan neft və qazın ixrac əməliyyatlarına dair məlumatlar açıqlanmışdır
Bakı, 13 fevral (AZƏRTAC). “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) və “Şahdəniz” yatağından ötən il hasil olunan neft və qazın ixrac əməliyyatlarına dair məlumatlar açıqlanmışdır.
“bp-Azərbaycan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, yataqlardan hasil olunan neft və qazın sualtı kəmərlər vasitəsilə Səngəçal terminalına ötürülməsi 2013-cü ildə də davam etdirilmişdir. Keçən il terminaldan 286,2 milyon barel neft (o cümlədən 248,7 milyon barel Bakı-Tbilisi-Ceyhan, 29,9 milyon barel Qərb ixrac boru kəmərləri, 5,7 milyon barel dəmir yolu, 1,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə) göndərilmişdir.
Bundan əlavə, 2013-cü ildə terminal hər gün orta hesabla 26,6 milyon standart kubmetr “Şahdəniz” qazı ixrac etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və təxminən 27,4 milyon standart kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) təqribən 41,5 milyon standart kubmetr təşkil edir.
Təbii qaz terminaldan əsasən Cənubi Qafqaz boru kəməri və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-ə məxsus qaz kəməri ilə ixrac olunur.