SİYASƏT
AZƏRİTTİFAQIN XX QURULTAYI OLMUŞDUR
Qurultay başlanmazdan əvvəl onun iştirakçıları Şəhidlər xiyabanını ziyarət etmiş, azadlığımız və müstəqilliyimiz uğrunda həyatını qurban vermiş mərd mübarizlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə əklil qoymuşlar.
Qurultayda iqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov Azərbaycan Prezidenti Heydər Əliyevin qurultaya təbrik məktubunu oxudu. Sonra MDB ölkələri kooperatorlarının təbrikləri çatdırıldı.
Qurultayda Azərittifaqın Şurasının prezidenti, idarə heyətinin sədri Eldar Quliyev hesabat məruzəsi etdi. Son illərdə ölkəmizdə iqtisadi islahatların dərinləşməsi, əhalinin həyat səviyyəsinin yüksəlməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlərdən danışan natiq bütün bunların kooperasiya sahəsinə müsbət təsir göstərdiyini vurğuladı.
Məruzədə hesabat dövründə görülmüş işlərə ətraflı nəzər salındı, yol verilmiş nöqsanlara tənqidi münasibət bildirildi.
Qurultayda Azərittifaqın Təftiş Komissiyasının hesabatı dinlənildi. Azərittifaqın nizamnaməsi yeni redaksiyada qəbul edildi, bu qurumun təftiş komissiyasının Əsasnaməsi təsdiq edildi. Sonra təşkilati məsələlərə baxıldı. Eldar Quliyev yenidən Azərittifaqın Şurasının prezidenti və idarə heyətinin sədri seçildi.