ELM VƏ TƏHSİL
Azyaşlı öyrənənlərə Kembric ingilis dili üzrə beynəlxalq sertifikatlar təqdim edilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) Kembric ingilis dili üzrə “Young Learners” imtahanının iştirakçılarına beynəlxalq sertifikatların təqdimolunma mərasimi keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, “Young Learners” imtahanı DİM və Həmkarlar İttifaqının birgə təşəbbüsü ilə Mərkəzin əməkdaşlarının övladları üçün keçirilib. Tədbirdə 17 nəfər azyaşlı və onların valideynləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DİM-in Strateji inkişaf şöbəsinin baş məsləhətçisi və Kembric imtahanları üzrə koordinator Elnarə Tağıyeva imtahanda iştirak etmiş azyaşlıları təbrik edərək onlara sertifikatları təqdim edib.
Daha sonra DİM-in Strateji inkişaf şöbəsinin müdiri və Kembric imtahan meneceri Vəli Hüseyn “Young Learners” imtahanlarının əhəmiyyətini, erkən yaşlardan imtahanlarda iştirakın vacibliyini vurğulayıb və nəticələri növbəti səviyyə üzrə imtahanlara hazırlığın başlanğıcı kimi qiymətləndirməyi tövsiyə edib. Eyni zamanda, imtahanda iştirak etmiş azyaşlılar təəssüratlarını bölüşüblər. Tədbirdə iştirak edən valideynlər belə bir təşəbbüsün irəli sürüldüyünə görə rəhbərliyə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Young Learners” kvalifikasiya imtahanları azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir uşaq imtahan verdikdən sonra “Cambridge University Press and Assessment” qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat əldə edir ki, bu da öz növbəsində növbəti sertifikatların əldə olunmasını asanlaşdırır.
Xatırladaq ki, DİM “Cambridge Assessment English”in rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Assessment (Kembric ingilis dili üzrə qiymətləndirmə)”, “Cambridge English Teaching (Kembric ingilis dili üzrə tədris)” və “LinguaSkill” imtahanlarını da təklif edir. Kembric İngilis dili kvalifikasiyaları üzrə imtahanlar barəsində ətraflı məlumat DİM-in saytında yerləşdirilib.