BABƏK RAYONUNUN SİRAB KƏNDİNDƏ YENİ SOSİAL OBYEKTLƏR İSTİFADƏYƏ VERİLMİŞDİR
Babək, 10 sentyabr (AZƏRTAC). Babək rayonunun Sirab kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən kənd sakini Bayram Rəsulov son illər sakini olduqları kənddə həyata keçirilən sosial-iqtisadi tədbirləri ümummilli liderimiz Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək bu gün daha bir yaşayış məntəqəsinin - Babək rayonundakı Sirab kəndinin muxtar respublikanın abad kəndləri sırasına daxil olduğunu bildirərək demişdir:
-Sirab muxtar respublikanın qədim yaşayış məntəqələrindən biridir. Burada məskunlaşma, əhalinin sayı həmişə artan templə getmiş, qədim kənd yaşayaraq, inkişaf edərək müasir dövrümüzə gəlib çıxmışdır. Ərazisi 4021 hektar, əhalisi isə 3 min 43 nəfər olan Sirab kəndi muxtar respublikamızda əhalinin məskunlaşmasına öz töhfəsini verməkdədir. Sirab kəndinin keçmiş sovetlər birliyində məşhur olan mineral suyu bu gün də öz istehsalı ilə muxtar respublikamızın, Azərbaycanın, digər ölkələrin mineral su təminatında önəmli rola malikdir. Sirab kəndi ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına da öz töhfəsini verir. Bu gün açılışını etdiyimiz yeni sosial obyektlər imkan verəcəkdir ki, Sirab kəndi daha da inkişaf etsin, əhali doğma yurduna daha sıx tellərlə bağlansın və kənd böyüyərək muxtar respublikamızın iri yaşayış məntəqələrindən birinə çevrilsin.
Ali Məclisin sədri son illər Sirab kəndində geniş quruculuq işlərinin aparıldığını xatırlatmışdır. Yeni istifadəyə verilən kənd mərkəzi, həkim ambulatoriyası, ötən il yenidən qurularaq istifadəyə verilən məktəb binası, yol, kənd ATS-i, su kanalları, nasos stansiyaları kənd əhalisinin problemlərinin vaxtında həll olunmasına imkan yaradacaqdır.
İcra nümayəndəliyi, bələdiyyə, baytarlıq məntəqəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, arxiv və digər təşkilatlar üçün yaradılmış nümunəvi iş şəraiti kənd mərkəzində fəaliyyət göstərənlərin də işlərinin yaxşı qurulmasında mühüm əhəmiyyətə malik olacaqdır. Həkim ambulatoriyası kənd sakinlərinə tibbi xidmət göstərəcək, peyvəndlərin vaxtında aparılması üçün tədbirlər görəcəkdir. Bu da insanlarımızın sağlam həyat tərzinə, sağlam yaşamasına şərait yaradacaqdır.
Açılışı bildirən lent kəsildikdən sonra yeni kənd mərkəzinə baxış keçirilmişdir.
Müasir standartlar səviyyəsində inşa olunan kənd mərkəzi iki mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində baytar otağı, mədədniyyət evi işçiləri üçün otaq, kitabxana yerləşir.
Məlumat verilmişdir ki, kitabxananın 300 oxucusu vardır. Kənd mərkəzində müasir kitabxananın yaradılması, yeni kitabların verilməsi oxucuların sayını daha da artıracaqdır.
Baxış zamanı əlamətdar tarixi günlərin, şair və yazıçıların yubileylərinin qeyd olunması, kitabxanaya oxucu kütləsinin cəlb edilməsi, kitabxana günlərinin keçirilməsinin vacibliyi vurğulanmışdır.
Kənd mərkəzində fəaliyyət göstərən baytarlıq məntəqəsi lazımi dərman və preparatlarla təchiz olunmuşdur.
Binanın ikinci mərtəbəsində icra nümayəndəliyinin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kənd mədəniyyət evinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, arxiv, 80 yerlik zal istifadəyə verilmişdir.
Kənd mərkəzində polis sahə müvəkkili üçün də otaq ayrılmışdır.
Binanın bir hissəsində rabitə evi yerləşir. Rabitə evində Avtomat Telefon Stansiyası və poçt bölməsi fəaliyyət göstərəcəkdir. Rəqəmsal tipli stansiya 384 nömrə tutumuna malikdir. Hazırda kənddə 268 nömrədən istifadə olunur.
Həmin gün Sirab kəndində həkim ambulatoriyası da istifadəyə verilmişdir.
######
