İQTİSADİYYAT
“Bakı Ağ Şəhər”in ərazisində yeni binanın inşasına başlanılmışdır
Bakı, 3 mart (AZƏRTAC). Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbovun müvafiq sərəncamına əsasən “Bakı Ağ Şəhər” ərazisində növbəti yaşayış kompleksinin inşasına başlanılmışdır.
“Bakı Ağ şəhər” layihəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Britaniyanın “Atkins” şirkəti və yerli mütəxəssislər tərəfindən layihələndirilmiş bu bina 6 bloklu, 7 mərtəbəli tikilidir. Binanın inşa olunacağı “Yaşıl Ada” rayonunda çirklənmiş torpaqların hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən təmizlənməsi başa çatmaq üzrədir.
Yeni binanın yerləşəcəyi Xəqani Rüstəmov küçəsində layihə üzrə işlər artıq bitmiş və həmin küçə gələcəkdə 6 zolaqlı, eni 45 metr olacaq iki əsas nəqliyyat magistralını - Nobel və Babək prospektlərini birləşdirəcəkdir.
Eyni zamanda, yerli və xarici sərmayəçilər tərəfindən bir neçə binanın, o cümlədən Nobel prospektində tikiləcək “Bakı Ağ Şəhər” ofis binasının inşası məqsədi ilə hazırlıq işləri aparılır. “Bakı Ağ Şəhəri”n nişan binalarından biri olan bu tikili hələ layihələndirmə mərhələsində beynəlxalq memarlıq aləmində geniş tanınmış və “Gələcəyin Ən Görkəmli Layihəsi” nominasiyasında dəfələrlə təqdim olunmuşdur.
İki hektar sahədə ucaldılacaq bu bina hazırda “Bakı Ağ Şəhər” layihəsinin təməl daşının qoyulduğu kiçik meydanda inşa olunur. Hündürlüyü 137 metr olacaq bu 12 mərtəbəli binanın ümumi sahəsi birqat yerüstü və yeraltı avtodayanacaqla birgə 27 min kvadratmetr ofis ərazisindən ibarətdir.
Bundan başqa, binada alternativ enerjinin alınması üçün günəş batareyalarının quraşdırılması nəzərdə tutulmuşdur.
“Bakı Ağ Şəhər” layihəsi “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın təsdiq olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.com. saytından əldə etmək olar.