ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti Beynəlxalq müsabiqədə birinci olmuşdur
Bakı, 12 aprel (AZƏRTAC). Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası (İASHE) tərəfindən keçirilən müsabiqədə Bakı Dövlət Universiteti (BDU) birinci olmuşdur.
BDU-nun Mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası postsovet məkanına daxil olan ölkələr arasında elmi analitika üzrə regional yarışma proqramını reallaşdırmışdır. Bu yarışma İASHE-nin “Elmi analitika üzrə kontinental, milli və regional yarışmalar və dünya çempionatı” layihəsi çərçivəsində keçirilmişdir.
Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası tərəfindən 2011-ci ildə elmi analitika üzrə keçirilən yarışma və konfransların nəticələrinə görə aşağıdakı reytinqlər tərtib edilmişdir:
- Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində aktivliyi;
- Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində effektivliyi;
- Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində aktivliyi;
- Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində effektivliyi.
Layihədə əldə olunan nailiyyətlərin yekununa əsasən, Bakı Dövlət Universiteti bu reytinqlər üzrə aparıcı yerləri tutmuşdur. Beləliklə, Azərbaycan ali təhsil müəssisələrinin flaqmanı “Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində aktivliyi” nominasiyası üzrə 1-ci, “Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində effektivliyi” nominasiyası üzrə 2-ci, “Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində aktivliyi” nominasiyası üzrə 3-cü və nəhayət “Gənc alim və tələbə gənclərin elmi tədqiqat sahəsində effektivliyi” nominasiyası üzrə 21-ci yeri tutmuşdur.
Bununla belə, İASHE-nin Ekspertlər Şurası Bakı Dövlət Universitetini beynəlxalq qızıl “Sokrat Medalı” ilə təltif etmişdir.