Bakı Dövlət Universitetində tədbir: “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil problemləri”
Bakı, 4 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil problemləri” mövzusunda tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşları və kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti Ofelya Piriyeva ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olmasını dəfələrlə bəyan etməsini, Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə bağlı Sərəncamını xatırladıb. O, AXC-nin yaranması tarixinin önəmindən, həmin dövrdə olan dil problemlərindən bəhs edib.
Tələbələr çıxışlarında AXC-nin fəaliyyət göstərdiyi iki il ərzində Azərbaycan dilinin dövlət dili kimi inkişafından, onun təhsil və tədrisdə yeri, məktəblərin milliləşdirilməsi məsələlərindən, həyata keçirilən islahatlarda danışıb, Bakı Dövlət Universitetinin Cümhuriyyət dövründə təsis edildiyini bildiriblər.
Tədbir kitabxanaçılıq və informasiya fakültəsi tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.