ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində triboelektrik nanogeneratorların çıxış parametrləri öyrənilir
![Bakı Dövlət Universitetində triboelektrik nanogeneratorların çıxış parametrləri öyrənilir](/files/2022/1/1200x630/16492298875318447446_1200x630.jpg)
Bakı, 6 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasında “Triboelektrik nanogeneratorların çıxış parametrlərinin araşdırılması və onlara təsir edən amillər“ mövzusunda elmi seminar olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, seminarda doktorant Möhsün Əlizadənin mövzu üzrə məruzəsi dinlənilib.
M.Əlizadə triboelektrik nanogeneratorların tədqiqinin aktuallığı, işləmə prinsipi, çıxış parametrlərinin araşdırılması, onlara təsir edən amillər haqqında ətraflı məlumat verib. O, triboelektrik nanogeneratorların məlum olan kontakt, sürüşmə və avtonom, bir və ikielektrodlu işləmə prinsipləri, çıxış parametrlərinə təsir göstərən amillər - səthin deformasiyası, toxunma tezliyi, effektiv sahəsi, istifadə olunan materialın xassələri, işləmə rejimindən danışıb.
Məruzəçi, həmçinin triboelektrik nanogeneratorların çıxış parametrlərinin effektivliyinin artırılması istiqamətində tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.
Sonra məruzə üzrə bəzi məlumatlar videoçarx şəklində təqdim olunub, suallar cavablandırılıb.