CƏMİYYƏT
ÜST-ün Baş direktoru: İqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fəaliyyət lazımdır
Bakı, 19 iyun, AZƏRTAC
İqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fəaliyyət lazımdır. Dünyada bu problemlə bağlı yaşanan hadisələr iqlim dəyişikliyi ilə mübarizə üçün kollektiv fəaliyyətə təcili ehtiyac olduğunu aydın surətdə xatırladır. Biz birlikdə davamlı həll yollarına marağı artıra və gələcək nəsillər üçün daha sağlam Dünya yarada bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına videomüraciətində yer alıb.
Milyonlarla insanın Asiyada həddindən artıq istidən əziyyət çəkdiyini bildirən T. Qebreyesus orada artıq fövqəladə vəziyyətin yarandığını deyib. Bildirib ki, iqlim dəyişmələri vəba, malyariya kimi xəstəliklərin sürətlə yayılmasına gətirib çıxarır. Bu xəstəliklər də öz növbəsində təcili tədbirlər görmək üçün ən güclü arqumentlərdən birinə çevrilir.
“İqlimin mülayimləşdirilməsindən əldə olunan gəlirlərlə hər il milyonlarla insanın həyatını xilas edə bilərik. Xərclənən hər 1 dollar 4 dollardan çox gəlir gətirə bilər. Bu tədbirlərə həssas insanları istilik dalğalarının təsirindən qorumaq, səhiyyə müəssisələri üçün bərpaolunan enerjiyə sərmayə qoymaq, ətraf mühiti çirkləndirən yanacaqlara subsidiyaların verilməsini dayandırmaq daxildir”, - deyə o vurğulayıb.