DÜNYA
Dövlət qurumları bloklanarsa, Makronun istefadan başqa hansı seçimi var?
![Dövlət qurumları bloklanarsa, Makronun istefadan başqa hansı seçimi var?](/files/2024/2/1200x630/17187956713845262399_1200x630.jpeg)
Paris, 19 iyun, AZƏRTAC
Fransada ifrat sağçıların Avropa seçkilərində qələbəsindən sonra hökumət müxtəlif həll yolları axtarmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, ifrat sağçıların növbədənkənar parlament seçkilərində yenidən qələbə qazanması indiki fransız hökuməti üçün çox sayda başağrısı yaradacaq. İfrat sağçılardan olan Baş nazirlə birlikdə işləmək asan olmayacaq. Belə vəziyyət ölkəni daha dərin böhrana salacaq.
Dövlət qurumlarının bloklanması ilə qarşılaşan Emmanuel Makron istefa verə bilər. O, istefa verməyəcəyini elan etsə də, ümumiyyətlə, fikrini tez-tez dəyişir. Makron hakimiyyətə gələndən bəri verdiyi sözün üstündə durmayıb. Buna görə istefa verməməsi ilə bağlı fikrini də dəyişə bilər. Ancaq Fransa dövlət başçısının istefadan əlavə də çıxış yolu var. Belə ki, o, Konstitusiyanın ona tam səlahiyyət verən 16-cı maddəsinə müraciət edə bilər. Yerli mətbuatın verdiyi məlumatlara görə, Yelisey sarayı bunu təkzib etsə də, Emmanuel Makron bu fərziyyəni də ətrafı ilə müzakirə edib.
Konstitusiyanın 16-cı maddəsinin qüvvəyə minməsinin iki şərti var: ərazi bütövlüyünü şübhə altına ala biləcək qiyam təhlükəsi və ya dövlət orqanlarının müntəzəm fəaliyyətinin dayandırılması şəraitində. Qanunvericilik seçkilərindən sonra Emmanuel Makron ikinci şərti seçə bilər. Bundan sonra dövlət başçısı bütün səlahiyyətləri öz üzərinə götürə bilər.
Bu vəziyyət 1961-ci ildən bəri Fransa siyasi həyatında bir ilk olacaq. “Əgər o, 16-cı maddəni aktivləşdirməyə qərar verərsə, prezident tamamilə azaddır, heç bir əks-güc, ondan başqa rəsmilik tələb olunmur, lakin 30 gündən sonra müxalifət bu 16-cı maddənin etibarlılığını tanımaq və ya son qoymaq üçün Konstitusiya Şurasını yola gətirə bilər”, -deyə Konstitusiya üzrə mütəxəssis Ana-Şarlen Bezzina “Europe-1” kanalında müsahibəsi zamanı söyləyib.
Beləliklə, Konstitusiya E. Makronun son ümididir. O, hakimiyyətdə qalmaq üçün ifrat sağçılarla ciddi mübarizə aparmalı olacaq. İndiyədək 16-cı maddədən Beşinci Respublika tarixində yalnız bir dəfə -1961-ci ildə general de Qoll tərəfindən generalların puç cəhdindən sonra istifadə olunub.