İDMAN
“Bakı” futbol klubu İspaniyada keçirilən FİTUR turizm sərgisində iştirak edir
Bakı, 1 fevral (AZƏRTAC). İspaniyanın paytaxtı Madriddə ənənəvi FİTUR turizm sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı idman sektoru da təmsil olunur. İdman sahəsində ölkəmizi “Bakı” futbol klubu təmsil edir. İlk dəfədir ki, turizm sərgisində Azərbaycanın idman sektoru təqdim olunur.
Madridin İFEMA sərgi mərkəzində təşkil olunan beynəlxalq sərgidə iştirakçılara “Bakı”nın infrastruktur çalışmaları, uşaq futbolu, futbol akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən, “Atletiko” (Madrid) ilə əməkdaşlıq barədə ətraflı məlumat verilir.
Qeyd edək ki, 33-cü dəfə keçirilən ənənəvi sərgi həmişə tək İspaniyanın deyil, eyni zamanda iş dünyasının diqqət mərkəzində olur. Ötən il sərgini 154 ölkəni təmsil edən 6 min 313 jurnalist işıqlandırmışdı.