İDMAN
“Bakı” klubu yoxlama oyununda “Şahdağ”a qalib gəlib
Bakı, 27 iyul (AZƏRTAC, Elxan Yusifli). Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Bakı” futbol klubu Qusarın birinci divizionda mübarizə aparan “Şahdağ” kollektivi ilə yoxlama görüşü keçirib.
AZƏRTAC xəbər verir ki, paytaxt klubunun təlim-məşq bazasında keçirilən oyunda qapılara dörd qol vurulub. Qarşılaşmanın ilk hissəsində “Bakı” Risto Ristoviçin qolu ilə hesabda irəli çıxıb. İkinci yarıda cərimə meydançası daxilində paytaxt kollektivinin oyunçusu Elmin Əsgərliyə qarşı kobudluğa görə təyin olunan penaltini Elvin Əliyev dəqiq yerinə yetirib. Qusar təmsilçisi 69-cu dəqiqədə penaltidən hesab arasındakı fərqi azaldıb. Qusarlıların heyətində Zeynal Hacıyev fərqlənib. Oyunda son qolu da bakılılar vurub. Matçın 78-ci dəqiqəsində Elmin Əsgərli sol cinahdan ötürməni qola çevirib.
Beləliklə, matç 3:1 hesabı ilə paytaxt klubunun xeyrinə başa çatıb.