İQTİSADİYYAT
Bakı Limanı beynəlxalq təlim layihəsi təşkil edir
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 27-30-da “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Antverp Beynəlxalq Limanının “APEC Beynəlxalq Təlim Mərkəzi” ilə birgə Bakıda “Strateji Planlama, Biznesin İnkişafı və Marketinq” adlı təlim-master klassını keçirəcək.
“QSC-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq layihədə məşhur ekspert, Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının Biznesin İnkişafı üzrə Baş müşaviri cənab Niko Says bir sıra mövzuları interaktiv formada tədris edəcək. Mövzulara “Strateji planlamanın əsasları-Avropa modeli”, “Sənaye və infrastruktur platformalarında strateji planlama”, “Beynəlxalq təchizat zənciri və marketinq”, “Azad iqtisadi zonalar və mənfəətin idarə edilməsi”, “Korporativ idarəetmə-Antverp modeli”, “İnvestisiyaların cəlbi və yatırım modeli”, “Brendinq, marketinq və korporativ münasibətlər” aiddir.
Layihə çərçivəsində Belçika Krallığının sənaye və texniki mərkəzləri ilə onlayn bağlantı qurulacaq və həmin mərkəzlərin rəhbər heyətlərinin mövzulara dair interaktiv fikirləri öyrəniləcək, interaktiv olaraq 160-dan çox təlim vəsaitinin tətbiqi ilə müzakirələr ediləcək. Dörd gün davam edəcək təlim-master klassların sonunda iştirakçılara Antverp Beynəlxalq Limanı - APEC Beynəlxalq Təlim Mərkəzinin rəsmi sertifikatı təqdim olunacaq. Həmçinin Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər ediləcək.
Layihədə, korporativ idarəetmə, strateji planlama, biznesin inkişafı, təchizat zəncirinin idarə edilməsi, maliyyə cəlbi və marketinq, eləcə də kiçik və orta biznesin inkişafı üzrə mütəxəssislər iştirak edə bilərlər.
Layihədə iştirakı təsdiq etmək üçün son qeydiyyat tarixi 10 sentyabrdır.
Təlim-master klassda iştirak etmək istəyənlər qeyd edilən tarixədək “[email protected]” mail ünvanı və ya (055) 233-99-57, (012) 599-00-03 (3502) telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.