CƏMİYYƏT
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində avtomatik yanğınsöndürmə topunu təqdim edilib
Bakı, 26 iyul (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində avtomatik yanğınsöndürmə topunu təqdim edib.
Təqdimatla bağlı keçirilən tədbirdə bildirilib ki, avtomatik yanğınsöndürmə topu insan müdaxiləsi, mexaniki təsir olmadan kiçik bir alışma, alov toxunduğu zaman aktivləşir və yanğın 3-5 saniyə müddətində söndürülür.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Polis İdarəsi Dövlət Yol Polisinin şəxsi heyətinə ekoloji cəhətdən təhlükəsiz olan avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri haqqında məlumat verilib. Qeyd olunub ki, bu yanğınsöndürmə vasitəsini alovun mərkəzinə atmaqla yanğını dərhal söndürmək mümkündür. Onu alov zamanı tətbiq etmək üçün heç bir yaş məhdudiyyəti və xüsusi texniki təlimə ehtiyac yoxdur. Yanğınsöndürmədə yeni texnologiya olan avtomatik yanğınsöndürmə topunun həm də siqnalizasiya vasitəsi, altı il müddətində istismara yararlı olması, bu müddətdə yenidən doldurulmasına və işlək vəziyyətə gətirilməsinə nəzarət edilməsinə ehtiyac duyulmaması haqqında iştirakçılara məlumat verilib.
Həmçinin vurğulanıb ki, çəkisi 1,3 kiloqram olan avtomatik yanğınsöndürmə vasitəsi hazırda istifadə edilən ilkin yanğınsöndürmə vasitələrindən 5-10 dəfə yüngüldür. A, B, C sinif yanğınları, habelə 1300 V gərginlik altında olan elektrik qurğularında, avtomobillərdə baş vermiş yanğınları söndürmək mümkündür.
Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları diqqətə çatdırıblar ki, nəqliyyat vasitələrində 2012-ci ildə 340, 2013-cü ildə 372 yanğın hadisəsi baş verib. Bu yanğınların genişlənməsinin başlıca səbəbləri isə avtomobillərdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması, sürücülərin bu vasitələrin təyinatını və onlardan düzgün istifadə qaydasını bilməmələridir. Bu baxımdan Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti tərəfindən sürücülər arasında müvafiq maarifləndirmə işlərinin aparılması zəruridir.