RƏSMİ XRONİKA
BAKI VƏ ABŞERON YARIMADASININ PALÇIQ VULKANLARI QRUPU DÖVLƏT TƏBİƏT QORUĞUNUN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Tarix boyu alimlər Azərbaycanı palçıq vulkanları ilə zəngin bir ərazi kimi qeyd etmişlər. Burada dünyanın bütün vulkan növlərinə - aktiv fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, ada və sualtı vulkanlara təsadüf olunur. Planetimizdə mövcud olan 800 palçıq vulkanının 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının çoxu Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır.
Son illər Bakı və Abşeron yarımadasında olan palçıq vulkanlarına antropogen təsirlərin artırılması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunur.
Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının mühafizəsinin gücləndirilməsinin vacibliyini, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu təbiət sərvətlərinin gələcək nəsillərə çatdırılması və respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə qərara alıram:
1. Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti ilə birlikdə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun sərhədlərini müəyyən etsin, yerquruluşu işlərinin tətbiqi ilə torpaqayırma qaydasında sənədlərin hazırlanmasını və torpaq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etsin;
2.2. Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnaməni təsdiq etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bakı Şəhər İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının ərazilərində hər hansı tikinti işlərinin aparılmasına yol verilməməsi üçün təxirəsalınmaz tədbirlər görsünlər.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 avqust 2007-ci il.