İQTİSADİYYAT
Bakıda "Mühüm idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə TAİEX" seminarı keçirilir
Bakı, 21 may, Xatirə Cəfərova, AZӘRTAC
Bakıda Dövlət Gömrük Komitəsi ilə Avropa Komissiyasının əməkdaşlığı çərçivəsində "Mühüm idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə TAİEX" seminarı keçirilir.
AZƏRTAC xəbər verir ki, mayın 22-də başa çatacaq TAİEX (Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Proqramı üzrə texniki yardım və informasiya mübadiləsi aləti) seminarını Avstriya Maliyyə Nazirliyinin gömrük ekspertləri aparırlar.
Birinci iş günündə “Ehtiyaclar və maraqlar”, “Qanunvericilik (yük və səyahətçi)” və “İdman tədbirlərinin təşkili - gömrük üçün tapşırıq” bölmələri üzrə məruzələr dinlənilib. Növbəti iş günündə isə “Hava limanı üzrə tələblər” mövzusu dinləniləcək, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportunda təcrübə məşğələləri keçiriləcək.
Açılış mərasimində çıxış edən komitənin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev deyib ki, seminarın əsas məqsədi “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində böyük sərnişin axınının və yüklərin idarə olunması istiqamətində Azərbaycan gömrük xidmətinə dəstək göstərməkdir. Tədbirdə əsasən silahların müvəqqəti idxalı və rəsmiləşdirilməsi prosesi; xüsusi icazə tələb edilən mallar; kütləvi sərnişin axınının idarə olunması; idmançıların, məşqçilərin, şəxsi heyətin yüklərinin rəsmiləşdirilməsi prosesi; oyunlar ərzində idmançıların gömrük-sərhəd buraxılış məntəqəsindən sürətli keçidinin təmin edilməsi; oyunlar üçün gətirilən yüklərin rəsmiləşdirilməsi prosesi; sənədlərin sadələşdirilməsi; idmançılar və şəxsi heyət üçün gətirilən yüklərin sənəd çatışmazlığı halında hansı qaydada rəsmiləşdirilməsi; oyunlar ərzində qadağan və məhdudiyyət qoyulmuş malların gömrük ərazisinə gətirilməsi və təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri xanım Malena Mard birinci Avropa Oyunlarının uğurla keçəcəyinə əmin olduğunu bildirib. O qeyd edib ki, bugünkü tədbirin keçirilməsi yüklərin və sərnişinlərin axını ilə bağlı təcrübə mübadiləsi aparmağa imkan yaradacaq və bu, Avropa Oyunları üçün də faydalı nəticələr verəcək.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Məkanların İdarəetmə direktoru Neil Carney “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində böyük sərnişin axınının və yüklərin idarə olunması istiqamətində görülən işlər barədə məlumat verib.