HEYDƏR ƏLİYEV - 1
CAR-da keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolundan və xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb
Bakı, 11 may, AZƏRTAC
Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi Pretoriya şəhərində müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə CAR-da akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, o cümlədən Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya və Belarusun səfirləri, həmin səfirliklərin diplomatları, Yohannesburq şəhərində yerləşən Yunus Əmrə İnstitutunun direktoru, yerli medianın və ictimaiyyətin nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Mərasimdə açılış nitqi ilə çıxış edən diplomatik missiyamızın rəhbəri Zaur Şükürov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolu və xalqımız qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verib. O, 1993-cü ildə Azərbaycanın ən çətin anlarında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin ömrünün son 10 ilini dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə həsr etdiyini, işğalla üzləşən ölkəni parçalanmaq təhlükəsindən və düşdüyü çətinlikdən çıxardığını vurğulayıb.
Tədbirdə, həmçinin Heydər Əliyevin zəngin mənəvi irsinin və milli dövlətçilik ideyalarının yeni nəsillərə ötürülməsi, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə təsis edilmiş Heydər Əliyev Fondu barədə məlumat verilib, Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu istiqamətdə atılan mühüm addımlardan danışılıb.
Sonda diplomat diqqətə çatdırıb ki, Heydər Əliyevin zəngin dövlətçilik irsinə əsaslanan inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin Qarabağın erməni işğalından azad edilməsi arzusunu gerçəkləşdirib və bu gün yeni strateji hədəflərə nail olur, milli dövlətçilik tariximizin növbəti şərəfli, qürurlu səhifələrini yazır.
Tədbir Bakı Media Mərkəzinin materialları əsasında hazırlanmış, Ümummilli Liderə həsr edilmiş qısa sənədli filmin nümayişi ilə yekunlaşıb.
Rəsmi hissədən sonra ziyafət təşkil olunub.