REGİONLAR
Qusarda əmək yarmarkası: 200-dək boş iş yeri, 1250 manatadək əməkhaqqı
![](/files/galleryphoto/2024/2/1200x630/17163861454228613425_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17163861455719034347_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17163861451423712421_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17163861455922953833_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17163861455987546664_1200x630.jpg)
Qusar, 22 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 22-də Qusarda keçirilən əmək yarmarkasında 17 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 198 boş iş yerləri təklif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkada təklif olunan vakansiyalar üzə minimum əməkhaqqı 345 manat, maksimum əməkhaqqı isə 1250 manat olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən təşkil olunan yarmarkanın məqsədi işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.
İqtisadi fəaliyyət növünə görə vakansiyalar daha çox rayonunun əmək bazarının tələbatına uyğun olaraq aqrar, səhiyyə, turizm, emal, ticarət və təhsil sahələrini əhatə edib. İşəgötürənlərin 14-ü özəl, 3-ü dövlət sektorundan olub.
Təklif edilən iş yerlərinin 65-i ali və orta ixtisas tələb edən, 133-ü isə ixtisas və peşə tələb etməyən vakansiyalardır. İxtisaslı kadrlara ən çox tələbat səhiyyə sahəsindədir. Bu sahə üzrə rayonda 53 ali və orta təhsilli tibb işçisinə tələbat var. Yarmarkada ən yüksək əməkhaqqı da bu sahədə təklif edilir.
Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq, işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 700-dən çox vətəndaşla iş aparılıb. Yarmarkaya dəvət edilən şəxslər arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıb.