CƏMİYYƏT
AQTİ ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında təlim-təcrübə proqramına başlanılıb
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi (KTMN) arasında təlim-təcrübə proqramının icrasına başlanıb.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əldə olunmuş razılığa əsasən, cari il ərzində İnstitutun Elmi Araşdırmalar Mərkəzi (EAM) ilə Analitik Ekspertiza Mərkəzinin (AEM) əməkdaşları üçün KTMN tərəfindən ödənişsiz təlimlər təşkil olunacaq. Təlimlərin bir hissəsinin Azərbaycanda, digər hissəsinin Türkiyədə keçirilməsi planlaşdırılıb.
Həmin çərçivədə ilk təlimlər AQTİ-də “Pestisidlər və çirkləndiricilər üzrə risklərin qiymətləndirilməsi” mövzusunda təşkil olunub. KTMN-in mütəxəssisləri Zeyneb Esin Kaya və Serab Hancının apardığı təlimlərdə EAM və AEM-in əməkdaşları iştirak edirlər.
Təlimlər zamanı iştirakçılara pestisidlər və çirkləndiricilər üzrə risklərin qiymətləndirilməsinin əsasları və qiymətləndirmənin aparılması üsulları, eləcə də müvafiq sahə ilə bağlı Türkiyə təcrübəsi barədə ətraflı məlumat verilir. Həmçinin mövzu ilə bağlı müzakirələr aparılır, iştirakçıların sualları cavablandırılır.
Təlimlər mayın 24-də başa çatacaq.