SİYASƏT
BAKIDA AVROPA KOMİSSİYASININ TEMPUS PROQRAMI ÇƏRÇİVƏSİNDƏ ELMİ KONFRANS KEÇİRİLƏCƏKDİR
Sentyabrın 23-24-də Bakıda Avropa Komissiyasının TEMPUS proqramı çərçivəsində elmi konfrans keçiriləcəkdir. Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, proqramın respublikamız üzrə əlaqələndiriciləri səfirliyə müraciət edərək, konfransın proqramını ölkəmizdəki müvafiq strukturlara çatdırmağı xahiş etmişlər. Tədbirin əsas məqsədi Azərbaycanın ali məktəblərində tədrisin müasir tələblərə müvafiq şəkildə təşkil olunması və onun Avropa standartlarına uyğunlaşdırılmasına dair Avropa Komissiyasının həyata keçirdiyi layihələrin nəticələrinin təhlili və yeni layihələrin perspektivlərini müzakirə etməkdir.
Bundan başqa, konfransda TEMPUS proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində uğurla həyata keçirilmiş layihəyə yekun vurulacaq, daha üç ali məktəbdə - Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Politexnik İnstitutunda tədrisin yenidən qurulması haqqında Avropa Şurasının bəyənib təsdiq etdiyi növbəti layihənin reallaşdırılmasına dair aktual nəzəriyyələr və elmi əməkdaşlıq haqqında məruzələr dinləniləcək, avropalı və yerli alimlərin birgə fəaliyyət strategiyası müzakirə olunacaq, müştərək əməkdaşlıqla bağlı elmi məsləhətləşmələr aparılacaqdır.