SİYASƏT
Bakıda Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə ekspertlər qrupunun iclası keçirilmişdir
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 11-də Azərbaycanın Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə ekspertlər qrupunun iclası keçirilmişdir.
Ölkəmizin xarici siyasət idarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri M.Atacanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak etmişdir.
İclasda Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunmuş, eləcə də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə fikir mübadiləsi aparılmışdır. Bundan əlavə, Xəzər məsələləri üzrə ikitərəfli və çoxtərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti və bu cür danışıqların davam etdirilməsinin vacibliyi vurğulanmışdır.